Qurbanı necə kəsmək lazımdır?

Qurbanlıq heyvanın kəsilməsində bəzi qaydalara riayət etmək lazımdır. Heyvan kəsiləcək yerə incidilmədən götürülür, kəsiləcək zaman da qıbləyə qarşı və sol tərəfi üzərində yatırılır. Əlindən gəldiyi qədər hər bir mükəlləfin qurbanını özü kəsməlidir. Amma bacarmadığı halda başqasına vəkalət verib kəsdirə bilər. Qurban sahibinin kəsmə zamanı orada olması müstəhəbdır. Heyvan yerə yatırılarkən Qurani-Kərimdən “Üzümü göyləri və yeri yaradan Allaha, Onun birliyinə inanaraq cevirdim. Mən müşriklərdən deyiləm”(əl-Ənam 79), “Mənim namazım, ibadətim, həyatım və ölümüm Aləmlərin Rəbbi olan Allah üçündür. Onun ortagı yoxdur. Mənə belə əmr olundu və mən Allaha təslim olanların ilkiyəm”(əl-Ənam,162-163) ayələri oxunulur. “Ey Allahım, dostun İbrahimdən və həbibin Mühəmməd (s)dən qəbul etdiyin kimi, məndən də qəbul buyur” şəklində dua edilərək təkbir gətirilir. 
Qurbanı kəsən şəxs heyvana əziyyət etməməli, bıçagı heyvana göstərməməlidir. Sağ əlində tutduğu bıçaqla heyvanı kəsərkən “Bismilləhi Allahu Əkbər” deməlidir. Qurbanı vəkil kəsdiyi halda qurbanın sahibi də “bismilləh”də iştirak etməlidir. Qoyun, keçi və inək və camış cinsindən olan heyvanlar yatırılıb çənələrinin altından, dəvə isə ayaq üstə sol ön ayağı bağlanaraq göksünün üzərindən kəsilir. Heyvanın boğazının iki tərəfindəki şah damarları, yem və yemək borusu kəsilməli və heyvanın qanı axıdılmalıdır.